Əlirza Əmini: Azərbaycan beynəlxalq idman yarışlarını keçirmək üçün zəngin təcrübəyə malikdir

Alirza Amini

Azərbaycan beynəlxalq idman yarışlarını keçirmək üçün zəngin təcrübəyə malikdir.

Bunu paracüdo üzrə İran millisinin məşqçisi Əlirza Əmini AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları yüksək səviyyədə təşkil olunub. İdmançıların rahatlığı üçün hər cür şərait yaradılıb.

İran paracüdoçusu Vahid Nurinin 90 kiloqram çəki dərəcəsində çempion olduğunu vurğulayan Ə.Əmini qeyd edib ki, Azərbaycan təmsilçiləri də çox yaxşı nəticələr qazanıblar. Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, idmançılar beynəlxalq turnirlərdə uğurla çıxış edirlər.

İranlı məşqçi Bakının çox gözəl və qonaqpərvər şəhər olduğunu vurğulayıb, Azərbaycan paytaxtına bir daha qayıtmaq arzusunu ifadə edib.

Xatırladaq ki, mayın 13-14-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri turniri keçirilib. Yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb.

Bir cavab yazın